Baş səhifə » Avtomobil nəqliyyatı

Tarix
Azərbaycanda avtomobil nəqliyyatının tarixi XX əsrin əvvəllərinə təsadüf edir. 1911-ci ildə Azərbaycanda cəmi 36 ədəd avtomobil olmuşdur. Bərk örtüklü yolların uzunluğu isə cəmi 210 km idi.
1920-1930-cu illərdə əsasən neft sənayesində texnoloji və xüsusi məqsədlər üçün ixtisaslaşdırılmış avtomobil parkı yaranmağa başlamışdı.
1926-cı ildə respublikada 896 ədəd avtomobil olmuşdur, ki onlardan da 275 ədədi minik, 518 ədədi yük və 103 ədədi ixtisaslaşdırılmış avtomobillər idi. Yük avtomobillərinin 400-dən bir qədər çoxu "Azneftin" sərəncamında idi.
Avtomobil parkının artması şosse yollarının uzunluğunun artmasına səbəb oldu. Həmin dövrdə şosse yollarının uzunluğu 6500 km, o cümlədən 2300 km ittifaq və respublika əhəmiyyətli yollar təşkil edirdi.
Sürətlə inkişafda olan respublikanın sənaye, kənd təsərrüfatı, müdafiə və digər sahələrdə nəqliyyata tələbatının  təmin olunması məqsədi ilə, çevik avtomobil təsərrüfatının yaradılması vacib tədbirlərdən biri idi.
Bu məqsədlə, 1935-1936-cı illədrə respublikamızda "Soyuztrans" adlı ümumi istifadəli bir avtonəqliyyat qurumu yaradıldı. Bu idarənin nəzdində sərnişin və yük daşımaları ilə məşğul olan avtomobil dəstələri fəaliyyət göstərirdi.
1939-cu ildə Avtonəqliyyat Xalq Komissarlığı (avtomoillərin sayı 600-800 ədəd olmuşdur), 1946-cı ilin mart ayında Avtomobil Nəqliyyatı Nazirliyi yaradılmışdır.
Avtomobil Nəqliyyatı Nazirliyi tədricən inkişaf edərək 1987-1990-cı illərdə öz zirvəsinə çatmış və onun nəzdində 140-ANM, 9-sənaye, 11-tikinti müəssisəsi olmuşdur.
1992-ci ilin fevral ayında "Azəravtonəqliyyat" Dövlət Konserni yaradılmışdır. Avtomobil nəqliyyatı vasitələri parkının tərkibi 16000 ədəd yük, 7600 ədəd minik (taksi) avtomobillərindən və 5800 ədəd avtobusdan ibarət  olmuşdur.
Azərbaycan Respublikasında Dövlət Əmlakının Özəlləşdirilməsi Proqramlarına uyğun olaraq, 1995-ci ildən başlayaraq, nəqliyyat müəssisələrinin özəlləşdirilməsinə başlanılmış və hal-hazırda, erməni qəsbkarları tərəfindən işğal olunmuş ərazilərdə yerləşən müəssisələr istisna olmaqla, demək olar ki, bütün avtonəqliyyat müəssisələri özəlləşdirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 10 iyun tarixli 880 saylı Fərmanı ilə “Nəqliyyat Nazirliyi haqqında Əsasnamə” təsdiq edilmişdir. Fərmanın 8-ci bəndinin icrası olaraq Nəqliyyat Nazirliyinin 2003-cü il 24 iyun tarixli 4 nömrəli əmri ilə “Avtonəqliyyatservis” Departamenti MMC yaradılmışdır.
"Avtonəqliyyatservis" Departamentinin tərkibinə aşağıdakı müəssisə və təşkilatlar daxil olmuşdur:
Tədris-Kurs Kombinatı - 1934-cü ildə yaradılmış və neft sənayesi üçün nəqliyyat üzrə kadr hazırlığı ilə məşğul olmuşdur. Hal-hazırda Kombinat Müdafiə Nazirliyinin sürücü kadrlarla təmin olunmasında, respublikada sərnişin və yük daşımaları üçün müxtəlif kateqoriyalı sürücülərin hazırlanmasında və onların ixtisas dərəcələrinin artırılmasında mühüm rol oynayır. Kombinatda, həmçinin müntəzəm sərnişin daşımalarında çalışan avtobus sürücüləri üçün xüsusi hazırlıq təlimi keçirilir.  Gəncə, Lənkəran, Biləsuvar, Naxçıvan, Əli Bayramlı şəhərlərində filialları vardır.
Nəqliyyat vasitələrinin texniki tələblərə uyğunluğunu müəyyən etmək məqsədilə, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 2003-cü il 15 sentyabr tarixli 32/Ü saylı Sərəncamı ilə Texniki Müayinə Mərkəzi yaradılmışdır. Onun  Sumqayıt, Gəncə, Yevlax, Şəki, Göyçay, Əli Bayramlı, Lənkəran və Quba şəhərlərində filialları fəaliyyət göstərir.
"Nəqliyyatservis" Avtonəqliyyat müəssisəsi MMC dövlət tədbirlərinin keçirilməsində əhaliyə, xarici qonaqlara, xarici və yerli təşkilatlara avtomobil nəqliyyatı ilə nümunəvi, ödənişli nəqliyyat xidməti göstərir.
Texniki İdman Klubu - avtonəqliyyat sahəsində idman tədbirləri keçirir (hal-hazırda fəaliyyət göstərmir)

Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması xidmətlərinin göstərilməsi, eləcə də dövlət orqanları, daşıyıcılar, infrastruktur obyektlərinin sahibləri və nəqliyyat xidmətlərinin istehlakçıları arasında yaranan hüquqi və iqtisadi münasibətlərin tənzimlənməsi və dövlət nəzarət sisteminin təkmilləşdirilməsi məqsədi ilə 2008-ci il 1 aprel tarixində “Avtomobil nəqliyyatı haqqında  Azərbaycan Respublikasının Qanunu” qəbul edilmiş, bu Qanunun tətbiq edilməsi barədə  Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanının tələblərinin təmin edilməsi məqsədi ilə, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin “Avtonəqliyyatservis” Departamenti” MMC-nin əsasında Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin “Dövlət Avtomobil Nəqliyyatı Xidməti” yaradılmış, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 iyul tarixli 472 nömrəli  Fərmanı ilə “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti haqqında Əsasnamə” təsdiq edilmişdir.

Azərbaycan Respublikası  Nəqliyyat Nazirliyinin
 Dövlət Avtomobil Nəqliyyatı Xidməti  

Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti avtomobil nəqliyyatı sahəsində dövlət tənzimləməsini, əhalinin və iqtisadiyyatın avtomobil nəqliyyatı ilə daşımalara və digər nəqliyyat xidmətlərinə ehtiyacının təmin olunmasına, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. 

Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnaməni, Azərbaycan Respublikası nəqliyyat nazirinin əmr və sərəncamlarını və Xidmətin Əsasnaməsini rəhbər tutur. 

Xidmət öz Əsasnaməsində nəzərdə tutulan vəzifə və funksiyalarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və öz yerli qurumları vasitəsilə həyata keçirir. Xidmət öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları, habelə qeyri-hökumət təşkilatları və digər qurumlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Xidmətin müstəqil balansı, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin adı və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır. 
Dövlət Avtomobil Nəqliyyatı Xidməti avtomobil nəqliyyatı sahəsində dövlət siyasətinin işlənib hazırlanmasında və bu sahədə normativ hüquqi tənzimləmənin həyata keçirilməsində iştirak edir, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının inkişafı sahəsində tədbirlər görür, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı subyektləri tərəfindən beynəlxalq norma və qaydalara, həmçinin Azərbaycan Respublikasının normativ hüquqi aktlarına riayət olunmasına nəzarət edir, avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarının təşkilini və bu sahədə dövlət sifarişinin formalaşdırılmasını təmin edir, avtomobil nəqliyyatı ilə daşımaların vahid norma və qaydalar əsasında təhlükəsiz yerinə yetirilməsi üçün qanunvericilikdə müəyyən edilmiş qaydada tədbirlər görür, qanunvericilikdə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir. 

Xidmətin aparatı, yerli qurumları və tabeliyində olan  digər qurumlar Xidmətin vahid sistemini təşkil edir. Xidmət öz fəaliyyətini aparatı, yerli qurumları və tabeliyindəki digər qurumlar vasitəsilə həyata keçirir. 

Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 2011-ci il  25 noyabr tarixli 170/ü nömrəli əmri ilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin aparatının strukturu, eləcə də regional bölmələrinin və tabeli qurumlarının siyahısı təsdiq edilmişdir.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin aparatının strukturunda Daşımaların tənzimlənməsi şöbəsi, Hərəkətin təhlükəsizliyi və texniki şöbə, Lisenziya və fərqlənmə nişanlarının verilməsinin təşkili şöbəsi, Avtomobil nəqliyyatında nəzarət şöbəsi, Maliyyə və iqtisadiyyat şöbəsi, Kadrların idarə edilməsi və hüquq şöbəsi, Ümumi sektor, Təsərrüfat sektoru fəaliyyət göstərir.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional bölmələrinə aşağıdakılar daxildir

Bakı Regional Şöbəsi, 
Sumqayıt Regional Şöbəsi, 
Gəncə Regional Şöbəsi, 
Şəmkir Regional Şöbəsi, 
Tovuz Regional Şöbəsi,
Ucar Regional Şöbəsi, 
Yevlax Regional Şöbəsi, 
Mingəçevir Regional Şöbəsi,
Beyləqan Regional Şöbəsi, 
Şirvan Regional Şöbəsi, 
Şamaxı  Regional  Şöbəsi, 
Göyçay Regional Şöbəsi, 
Şəki Regional Şöbəsi, 
Quba Regional Şöbəsi, 
Cəlilabad  Regional Şöbəsi və 
Lənkəran Regional Şöbəsi.
 

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyindəki qurumları aşağıdakılardır: 

“Bakı Sərnişin Nəqliyyatı” MMC,
 “Avtomobil yük daşımalarının təşkili” MMC,
“1 saylı  Gəncə Regional Nəqliyyat” MMC, 
“2 saylı Quba Regional Nəqliyyat”  MMC, 
“3 saylı Şirvan Regional Nəqliyyat” MMC, 
“4 saylı Lənkəran Regional Nəqliyyat” MMC, 
“5 saylı Yevlax Regional Nəqliyyat” MMC, 
“6 saylı Şəki Regional Nəqliyyat” MMC, 
“7 saylı Göyçay Regional Nəqliyyat” MMC, 
“8 saylı Sumqayıt Regional Nəqliyyat” MMC, 
“9 saylı Ucar Regional Nəqliyyat” MMC, 
“10 saylı Şəmkir Regional Nəqliyyat” MMC, 
“11 saylı Tovuz Regional Nəqliyyat” MMC, 
“12 saylı Beyləqan Regional Nəqliyyat” MMC, 
“13 saylı Cəlilabad Regional Nəqliyyat” MMC, 
“14 saylı Şamaxı Regional Nəqliyyat” MMC, 
“15 saylı Mingəçevir Regional Nəqliyyat” MMC, 
 “Nəqliyyatservis” MMC, 
Tədris-Kurs Kombinatı və
Respublika Texniki İdman Klubu.