Baş səhifə » Su nəqliyyatı

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi
 
www.acsc.az
 
Xəzər Dəniz Gəmiçiliyinin rəsmi yaranma tarixi 1858-ci il may ayının 21-i sayılır. Məhz bu tarixdə Rusiya senatının fərmanı ilə «Qafqaz və Merkuri» Səhmdar Dənizçilik Cəmiyyəti yaradılmışdır.
 
      Xəzər Dəniz Gəmiçiliyi 1992-ci ilə qədər SSRİ Dəniz Donanması Nazirliyinin tərkibindəki 17 gəmiçilik idarəsindən biri idi. SSRİ dağıldıqdan sonra 15 Sovet Respublikalarından 7-si SSRİ dəniz donanmasına varis oldu. Xəzərdə bu varislik ancaq Azərbaycana qismət oldu.
 
Azərbaycan Respublikası Prezidentinin  22 oktyabr 2013-cü il tarixli 6 nömrəli Sərəncamı ilə dəniz gəmiçiliyi sahəsində yerli və beynəlxalq daşımaların səmərəliliyinin artırılması, ölkənin rəqabət qabiliyyətinin və tranzit potensialının gücləndirilməsi məqsədi ilə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək yenidən təşkil olunması əsasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır.
 
   “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin  tərkibinə aşağıdakı struktur bölmələri daxildir:
Azərbaycan Dövlət Dəniz Akademiyası;
Xəzər Dəniz Nəqliyyat Layihə-Axtarış və Elmi-Tədqiqat İnstitutu;
Dəniz Nəqliyyatı Donanması;
Xəzər Dəniz Neft Donanması;
“Bibiheybət” Gəmi Təmiri Zavodu;
“Zığ” Gəmi Təmiri Zavodu;
İstehsalat Xidmətləri İdarəsi;
Sosial İnkişaf İdarəsi;
        Nəqliyyat donanması 60 gəmi, o cümlədən 33 tanker, 7 gəmi-bərə, 8 Ro-Ro gəmiləri eləcə də 12 universal quru yük gəmilərindən ibarətdir. İxtisaslaşdırılmış donanma isə 184 gəmidən, o cümlədən 15 kran, 19 təchizat-yedək, 2 dalğıc, 2 borudüzən, 5 mühəndis-geoloji, 2 sərnişin gəmisindən və bir çox digər kiçik subasımlı gəmilərdən ibarətdir. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin tanker donanması Xəzər hövzəsində ən güclü donanmalardan biridir.
 
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin gəmiləri Xəzər hövzəsində yerləşən Aktau, Türkmənbaşı, Alaca, Oğuzxan, Kiyanlı, Mahaçqala, Ənzəli, Nouşəhr, Neka, Fereydun – Kənar, Əmirabad limanlarından maye yüklərin daşınmasını həyata keçirir. Yükdaşımaların əksər hissəsi Aktau – Bakı (Dübəndi, Səngəçal) və Türkmənistan – Bakı (Dübəndi, Səngəçal) istiqamətlərində nəql edilən neft və neft məhsullarının payına düşür.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 12 quru yük gəmisi Xəzəryanı ölkələrin limanları arasında əsasən də Bakı – Türkmənbaşı – Bakı, Bakı – Aktau –Bakı, Bakı – Əmirabad – Bakı, Bakı – Aktau – Əmirabad, Aktau – Əmirabad – Aktau, Aktau – Əmirabad – Bakı marşrutları üzrə  taxıl, sement, konteyner, klinker, boru, polipropilen, dəmir qırıntısı və s. daşımaları həyata keçirir.
 
Xəzər hövzəsində yeganə gəmi-bərə donanmasına malik olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Avropa – Qafqaz – Asiya nəqliyyat dəhlizində dəmiryol vaqonları və sərnişinlər, eləcə də avtomobillərin Bakı – Aktau – Bakı və Bakı – Türkmənbaşı – Bakı istiqamətlərində daşımalarını təmin edir. 

Bakı Dəniz Ticarət Limanı

1902-ci ildə Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının əsası qoyulmuşdur.

Azərbaycan Respublikası dövlət müstəqilliyini qazandıqdan sonra, 1992-ci il yanvar ayının 1-dən etibarən Liman Xəzər Dəniz Gəmiçiliyinin strukturundan çıxaraq müstəqil müəssisə olmuşdur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 28 noyabr tarixli 407 saylı qərarı ilə Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının nizamnaməsi təsdiq edilmişdir. Bu nizamnaməyə əsasən liman, hüquqi şəxs olaraq tam təsərrüfat hesablı və özünümaliyyələdirmə prinsipləri əsasında fəaliyyət göstərir.

Liman il boyu günün 24 saatı ərzində fasiləsiz iş cədvəli əsasında işləyir. Burada 800 nəfərə yaxın işçi çalışır.

Liman 5 terminaldan ibarətdir:
  1. Əsas yük terminalı
  2. Konteyner terminalı
  3. Bərə terminalı
  4. Dübəndi neft terminalı
  5. Sərnişin terminalı
Əsas yük terminalı ümumi uzunluğu 858 m-ə bərabər olan 7 körpüdən ibarətdir. Bu körpülərdən biri xüsusi olaraq «Ro-Ro» tipli gəmilərin qəbulu üçün nəzərdə tutulub. Körpüdə suyun dərinliyi 7 metrə bərabərdir.  Texniki bazasında yük qaldırma qabiliyyəti 5 tondan 40 tona kimi olan 16 portal kranları, 1,5 tondan 10 tona kimi müxtəlif növ avtoyükləyiciləri, 100 ədəd roltreylerlər və «Sisu» markalı dartıcı traktorları vardır.

Terminalda əsasən dənə-ədəd, qalaq və səpkili, meşə, avtotexnika və konteyner kimi yüklər aşırılır. Terminal ildə 2 mln ton yük aşırma gücünə malikdir. Gün ərzində eyni zamanda 3 gəmi, 150-ə yaxın vaqon və 100 avtomaşın qəbul edib, yük aşırma işləri aparıla bilər.

Terminalın dəmir yolu xətlərinin ümumi uzunluğu 8 km-dir. Manevr işləri üçün 4 ədəd teplovozu, lokomotiv briqadası, deposu, dəmir yolu və avtomaşın tərəziləri vardır. Terminalın 24000 m² olan açıq anbarı və ümumi sahəsi 10000 m²  olan 5 ədəd bağlı anbarları vardır.

Konteyner terminalı ildə 15000 ədəd konteyner qəbul etmək gücünə malikdir.  Terminalda konrteynerləri və onların içərisindəki yükləri işləmək üçün sahəsi 1250 m²  olan bağlı anbarı və sahəsi 1600 m² olan konteyner meydançası vardır. Konteyner əməliyyatlarına nəzarət məqsədi ilə təhvil-təslim məntəqəsində xüsusi proqramlaşdırılmış kompüter sistemi quraşdırılmışdır. Terminalda bütün əməliyyatlar 2 ədəd müasir «Kalmar» tipli konteyner avtoyükləyici, 2 ədəd «Terberq» tipli dartıcı, 6 ədəd konteyner qoşqusu və hər birinin yük qaldırma qabiliyyəti 2,5 T 3 ədəd «Hayster» tipli avtoyükləyicilər vasitəsilə həyata keçirilir.

Bərə terminalı hər birinin uzunluğu 87 metrə bərabər olan 2 qaldırıcı körpüyə malikdkir. Körpülərin yanında suyun dərinliyi 8-10 metrə bərabərdir. Bərə hər reys üçün 28 vaqon və ya 45 treyler yük maşını, 202 nəfər sərnişin və 50 ədəd minik maşını götürə bilər.

Terminal ildə 8 milyon ton yük aşırma gücünə malikdir.

Neft terminalı ümumi uzunluğu 582 metr olan 4 körpüyə malikdir. Onlardan ikisi istismardadır. Eyni zamanda 5000 tondan 12000 tona qədər ağırlıqda 4 tankerə xidmət göstərilə bilər. Körpülərin yanında suyun dərinliyi 9,6 metrdir.

Neft terminalı ildə 10 milyon ton yük aşırmaq gücünə malikdir.

Gəmilərin hərəkətini idarə etmə xidməti (GHİX) terminalda yerləşir. 600 və 1600 a.g.-də iki yedəkçi gəmi gəmilərin təhlükəsiz yanalmalarını təmin edir.

Sərnişin terminalında uzunluğu 130 metr olan körpü vardır. Terminalda gəzinti gəmiləri Bakı əhalisi və şəhərimizin qonaqlarına xidmət edir. Dövlət Neft şirkətinin işçiləri Xəzərin dəniz yataqlarına sərnişin terminalından yola düşürlər.

Bakı Dəniz Limanında həmçinin Liman Donanması fəaliyyət göstərir. Donanmaya 20 gəmi daxildir. Burlar aşağıdakılardır: yedəkçi gəmilər, neft tullantılarını yığan gəmilər, yanğınsöndürən gəmilər, losman kateri, çirkab və fekal sular qəbul edən gəmilər, reyd kateri, kran gəmisi, gəzinti gəmiləri, yanacaq dolduran gəmisi.